Zob xəstəliyi- zob xəstəliyi əlamətləri

  • Home
  • Blog
  • Zob xəstəliyi- zob xəstəliyi əlamətləri

Zob xəstəliyi- zob xəstəliyi əlamətləri

  • 6356 views
  • 08 Yanvar 2024

Zob xəstəliyi(Ur) nədir? Əlamətləri hansılardır?

 

Zob xəstəliyi(Ur) necə yaranır?

Zob, bədənin ön hissəsində, aşağı boyunda yerləşən kəpənək formalı endokrin vəzin – qalxanabənzər vəzin (tiroid) qeyri-müntəzəm böyüməsidir. Tiroid vəzinin funksiyalarının pozulması zob xəstəliyinə gətirib çıxarsa da, digər əsas amilləri də gözardı etmək olmaz.

Zob xəstəliyinin digər səbəblərinə aiddir:

  • Tiroid düyünləri
  • Tiroid xərçəngi
  • Tiroidit+
  •  
  • Yod çatışmazlığı
  • Yodun həddən artıq olması
  • Graves xəstəliyi
  • Dərmanlar
  • İrsi faktorlar və s.

 

  • Tiroid düyünləri

Tiroid düyünləri, qalxanabənzər vəz toxumasının qeyri-müntəzəm şəkildə böyüməsi nəticəsində əmələ gələn şişdir. Əksər hallarda bu düyünlər xoşxassəli olur və yüksək həyati təhlükə daşımırlar. Nadir hallarda şişlərdəki mayenin tərkibində xərçəng hüceyrələri olur və bu düyünlər bədxassəli hesab edilir. Bərk və ya maye ilə dolu tiroid düyünləri zob xəstəliyinin inkişafına gətirib çıxara bilər.

  • Yod çatışmazlığı

Yod tiroid hormonlarının istehsalı üçün olduqca vacibdir. Kifayət qədər yod qəbul edilmədikdə, hormonların ifrazı azalır və bu amillər qalxanabənzər vəzin funksiyasında pozğunluqlara gətirib çıxarır. Yod çatışmazlığı nə qədər ağır dərəcədə olarsa, həmin şəxsdə zobun yaranma və inkişaf etmə ehtimalı da bir o qədər artar.

  • Yodun həddən artıq olması

Yod çatışmazlığı səbəbilə kənardan qida əlavəsi və ya dərman preparatları ilə artıq yod qəbulu da zob xəstəliyinin inkişafına səbəb ola bilər.

  • Graves xəstəliyi

Graves xəstəliyi qalxanabənzər vəzə hücum edərək onun böyüməsinə səbəb olan otoimmün xəstəlikdir.

 

Zobun hansı növləri var?

Zobun böyüməsinə əsasən təsnif edilən növlər:

  • Diffuz zob – qalxanabənzər vəzin ümumi genişlənməsi ilə xarakterizə edilir.
  • Düyünlü zob – qalxanabənzər vəzin üzərində bərk və ya maye tərkibli yaranan düyünlər şəklində özünü göstərir.
  • Çoxdüyünlü zob (multinodular) – bu tip zob tiroid, yəni qalxanabənzər vəzin üzərində çox saylı düyünlər yarandıqda baş verir.

Tiroid hormonlarının səviyyəsinə əsasən təsnif edilən növlər:

  • Zəhərli zob (toksik) – tiroid hormonlarının həddindən artıq ifraz olunması hipertiroidizm, yəni ur və ya zəhərli zob adlanır. Zəhərli zobun yaranma səbəblərindən biri də bazedov (graves) xəstəliyidir.
  • Zəhərsiz zob (Haşimoto) – qalxanabənzər vəzin az işləməsi, yəni tiroid hormonlarının normadan az ifraz olunması ilə yaranan xəstəlik hipotiroidizim (zəhərsiz zob) adlanır.

 

Yod çatışmazlığı olan bölgələrdə qidalardan lazımi qədər yod qəbul edilmədiyi halda tiroid vəzi böyüməyə başlayır. Bu isə öz növbəsində endemik zobun yaranmasına səbəb olur. Beləliklə aydın olur ki, hər hansı bir konkret bölgəyə aid olan zoba endemik zob deyilir.

Zob xəstəliyi hansı simptomlar ilə özünü biruzə verir?

Hipotiroidizm, yəni qalxanabənzər vəzin normadan az fəaliyyət göstərməsi ilə yaranan zob xəstəliyinə aşağıdakı simptomları aid etmək olar:

  1. Əzələ zəifləməsi
  2. Qəbizlik
  3. Dəridə nəm balansının pozulması
  4. Yaddaş problemləri
  5. Diqqət problemləri
  6. Soyuğa qarşı həssaslıq
  7. Yuxululuq və s.

Hipertiroidizm, yəni qalxanabənzər vəzin daha aktiv fəaliyyət göstərməsi ilə yaranan zob xəstəliyinə aşağıdakı simptomları aid etmək olar:

  1. Tərləmə
  2. İstiyə qarşı həssaslıq
  3. Yuxusuzluq
  4. Menstural tsiklin pozulması
  5. Yüksək qan təzyiqi
  6. İştah artımı
  7. Sürətli ürək döyüntüsü və s.

Bütün bunlardan fərqli olaraq zobun ölçüsü və ya mövqeyi tənəffüs yollarında bəzi digər problemlərə də səbəb ola bilər.

Bura aiddir:

  1. Nəfəs almaqda çətinlik
  2. Boğulma
  3. Udqunmaqda çətinlik
  4. Öskürək və s.

Zob düyünləri nə zaman xərçəng əmələ gətirir?

Zob düyünləri əksər hallarda xoşxassəli olur. Düyünlərin tərkibində xərçəng hüceyrələri aşkar edilərsə, bu hal tiroid xərçəngi adlanır.

Hansı hallarda tiroid xərçəngindən şübhələnmək lazımdır?

  1. Qalxanabənzər vəzin üzərində yaranan şişlər sürətlə böyüyürsə;
  2. Udma prosesində çətinlik yaranarsa;
  3. Təngnəfəslik olarsa;
  4. Zob düyünləri ilə yanaşı limfa düyünlərində də böyümə baş verərsə, bu zaman endokrinoloqa müraciət etmək lazımdır.