Endokrin sonsuzluq

Endokrin sonsuzluq

  • 249 views
  • 14 Fevral 2024

Endokrin sonsuzluq

 

Endokrin sonsuzluq nədir?

Qadınlarda və kişilərdə sonsuzluğun müxtəlif səbəbləri mövcuddur. Bura endokrin sistemdə baş verən bir sıra pozğunluqlar da aiddir. Endokrin sistem orqanizmin vacib həyati funksiyalarını tənzimləyən və hormonlar ifraz edən vəzlərdən ibarətdir. Hormonların normadan az, normadan çox və ya hansısa birinin ümumiyyətlə ifraz olunmaması sonsuzluq kimi bir çox xəstəliklərə səbəb olur.

Endokrin sonsuzluğun səbəbləri nədir?

Sonsuzluğun endokrin səbəblərinin əsasında hormonal balansın pozulması dayanır. Hormonal balanssızlıq hormonun miqdarının, onun buraxılma vaxtının dəyişməsi, digər hormonlarla qarşılıqlı əlaqə və ya adətən hüceyrə reseptorları vasitəsilə istənilən hədəfə doğru hərəkət etmək qabiliyyətinin dəyişməsi nəticəsində yarana bilər.

Endokrin sonsuzluğa səbəb olan xəstəliklər və pozulmalar aşağıdakılardır:

  • Qalxanabənzər vəz xəstəlikləri

Qalxanabənzər vəz tərəfindən ifraz olunan tiroid hormonunun normadan az (hipotireoz) və ya çox ifraz olunması (hipertireoz) endokrin sonsuzluğa gətirib çıxaran amillərdəndir. Tiroid hormonu normadan az ifraz olunduğu zaman menstural tsikldə pozğunluqlar və ovulyasiyanın olmaması kimi hallar baş verir. Hipertireoz xəstəliyinə isə hipotireoza nisbətən daha az rast gəlinir. Tiroid hormonunun həddindən artıq ifraz olunması nəticəsində daxili orqanların fəaliyyəti pozulur.

  • Piylənmə və ya əksinə çəki defisiti

Piylənmə - orqanizmdə piy toxumasının toplanması nəticəsində bədənin çəkisinin artmasıdır. Bu isə cinsi zəifliyə və sonsuzluğa gətirib çıxara bilər. Kişilərdə toplanmış artıq piy toxumalarında mövcud olan estrogenlər, yəni qadın hormonlarının miqdarının artması erektil disfunksiyaya (impotensiya) səbəb olur. Eləcə də kəskin şəkildə çəki itirilməsi yumurtalıqların normal fəaliyyətinə mənfi təsir göstərir.

  • Erkən menopauza

Estrogen və progesteron hormonlarının ifrazının azalması fonunda müşahidə olunan hormonal pozuntu menstrual funksiyanın kəsilməsinə səbəb olur və bu isə hamiləliyi qeyri-mümkün edir.

  • Böyrəküstü vəz xəstəlikləri

Böyrəküstü vəz xəstəliklərindən biri olan Kuşinq sindromu da sonsuzluğa səbəb olur. Kortizol hormonunun həddindən artıq ifraz olunması nəticəsində yaranır. Nadir xəstəlikdir və daha çox qadınlarda rast gəlinir.

Anadan gəlmə böyrəküstü vəzin hiperplaziyası da sonsuzluğa səbəb olur. Yumurtalıqların normal fəaliyyətinə əks təsir göstərir. Ümumi olaraq qeyd etmək lazımdır ki, böyrəküstü vəzlər androgen hormonlar da ifraz edirlər. Androgenlər kişi hormonlarıdır. Onlar kişi orqanizmlərində daha çox miqdarda sintez olunur. Bu hormonlardan eyni zamanda qadın orqanizmlərində də mövcuddur. Lakin miqdari olduqca azdır. Qadın orqanizmində adrogen hormonların miqdarındakı balans pozulduğu zaman qadında həddindən artıq tüklənmə, bədən quruluşunda əks dəyişikliklər və ən əsası da sonsuzluq kimi pozulmalar inkişaf edir.

 

  • Polikistik yumurtalıq sindromu

Hormonal və metabolizm pozğunluğu səbəbindən yaranan polikistik yumurtalıq sindromu yumurtlama pozğunluğuna səbəb olur. Əlamətləri: kişi tipli tüklənmə, menstrual tsiklin pozulması, saç tökülməsi və s.  

Endokrin sonsuzluğun simptomları

Səbəblərindən asılı olmayaraq, endokrin sonsuzluq əsasən yumurtalıqların fəaliyyətində yaranan pozğunluqların nəticəsidir. Əsas simptomlarından biri də düzənli cinsi münasibətə baxmayaraq, hamilə qalmamaqdır. Sonsuzluğu olan qadınlarda menstruasiya qeyri-müntəzəm və ya ümumiyyətlə, olmaya bilər.

Qadınlarda hormonal disbalansın əlamətləri:

  • Menstruasiyanın qeyri-müntəzəm olması və ya olmaması ;
  • Menstruasiya dövrünün həddindən çox ağrılı keçməsi;
  • Üz, boyun və sinədə tüklərin artması;
  • Səbəbsiz çəki artımı və çəki itkisi və s.

Kişilərdə hormonal disbalansın əlamətləri:

  • Erektil disfunksiya;
  • Döş toxumasının həddindən artıq inkişafı;
  • Bədəndə tük artımının azalması və s.

 

Endokrin sonsuzluğun müalicəsi

Sonsuzluğun müalicəsi onun səbəb və əlamətlərindən asılı olaraq fərqlilik təşkil edir. Yaş, hamiləlik üçün cəhdlərin hansı müddəti əhatə etməsi və s. kimi hallar müalicə struktruna təsir göstərən amillərdəndir. Bəzi hallarda müalicə hər iki tərəf üçün təyin edilə bilər.