Piylənmə nədir?

Piylənmə nədir?

  • 297 views
  • 16 Yanvar 2024

Piylənmə nədir?

Piylənmə mürəkkəb xroniki xəstəliklərdən biridir. İnsan vücudunda piy toxumasının, yağların həddindən artıq toplanması piylənməyə gətirib çıxarır.

Artıq bədən yağlarının bir hissəsini itirməklə bəzi mənfi halların qarşısını ala bilərsiniz, çünki piylənmə digər sağlamlıq problemləri və bir sıra xəstəliklərin yaranma riskini artırır. Bu xəstəliklərə diabet, yüksək qan təzyiqi, xolestrin, ürək xəstəlikləri və s. aiddir.

Piylənmə xəstəliyinə hansı faktorlar səbəb olur?

Ən kiçik çəki itkisi belə piylənmə ilə bağlı sağlamlıq problemlərinizə müsbət təsir göstərə və irəliləyiş üçün əsaslı təməllər yarada bilər. Əksər hallarda bu proses göründüyü qədər asan baş vermir, yalnız hərəkətdə olmaq və qidalanmanı nəzarətdə saxlamaqla yüksək nəticələr almaq mümkün deyil. Piylənmə ilə yaşayan insanların artıq çəkidən asanlıqla azad ola bilməməsinin bir sıra səbəbləri vardır:

  • İrsi və fizioloji faktorlar

Bir sıra bədəndaxili və xarici səbəblər piylənməyə səbəb ola bilər. Hansı ki, bəzi insanlar çəki artmasına meyilli doğulurlar. Belə halda daim düzgün qidalanmalı və aktivliyə fikir verməlidirlər.

  • Yalnış qidalanma

Bir çox hallarda piylənmə, bədənin istifadə edə biləcəyindən çox kalori qəbul etməsindən qaynaqlanır.

Kalori istehlakını artıran amillərə bunlar aiddir:

 

  1. Şəkər – Tərkibində şəkər olan qidalar əksər insanlara cəlbedici gəlməsiylə yanaşı hətta zamanla asılılığa çevrilir. Yüksək şəkər qəbulu isə bərabərində bir çox narahatlıqlar, ən əsası da bədənin istehlak edə biləcəyindən daha çox kalori gətirir.

 

  1. “Fast Food” – Ləzzətli və bir o qədər kalorili olan bu qidaların istehlakı az zamanımızı alsa da, günlük kalori ehtiyacımızı bir dəfəyə ödəyə bilir. Vitamin və mineral cəhətdən zəif olan bu tipli rahat qidalar sağlamlığımız üçün risk təşkil edən səbəblərdəndir.
  2. Psixoloji faktorlar – Stress, narahatlıq, darıxmaq və depressiya kimi hallar hədsiz qidalanmağa gətirib çıxarır. Təbii ki, bu yeməklərin böyük bir hissəsi yüksək kalorili qidalar və şirniyyatlar olur.
  3. Hormonlar – Hormonlar orqanizmin düzgün işləməsi üçün vacib olan amillərdəndir. “Toxluq hormonu” adlanan leptin və “aclıq hormonu” adlanan ghrelin bu qəbildən hesab olunur və bir-birilərinə tamamilə zidd hormonlardır. Onların daimi tarazlıqda olması iştahın normal şəkildə işləməsi üçün olduqca vacibdir. Tarazlıq pozulduğu zaman insanda ac olduğu halda toxluq və yaxud da tox olduğu halda aclıq hissi yarana bilər.

 

  • Ətraf mühit faktorları

Piylənmə üçün təhlükə yaradan amillərə gündəlik həyatda qeyri aktiv fəaliyyət, oturaq iş rejimi və s. aiddir. Uzun müddət oturduqda maddələr mübadiləsi dayanır, əzələlər hərəkətsiz qaldığından qan dövranı zəifləyir və beləliklə qəbul edilmiş kalori ilə sərf olunmuş enerji arasındakı tarazlıq pozulur.

 

Piylənmə necə müalicə olunur?

Hərəkətsiz və monoton həyat tərzindən uzaqlaşmaq piylənmə ilə yanaşı bir sıra xəstəlikləri də sizdən uzaqlara aparmış olur. Xəstəlikdən xilas olmaq o qədər asan olmasa da, bəzi faktorları göz önünə almaqla və həkimin məsləhətlərini düzgün şəkildə yerinə yetirməklə qənaətbəxş nəticələr əldə etmək olar.

 

Müalicə aşağıdakı üsullarla həyata keçirilir:

 

  • Aktiv həyat tərzi

İnsan metabolizması gün ərzində ən az 5000 addım tələb edir. Sağlam bədənə sahib olmaq üçün daim hərəkətdə və aktiv olmağa laqeyd yanaşmamalısınız.

 

  • Pəhriz

Vitamin və minerallar cəhətdən zəif, yüksək kalorili, şəkərli və yağlı qidalardan imtina etməklə düzgün qidalanma üçün başlanğıc edə bilərsiniz. Sağlam, vaxtında və balanslı qidalanmanın nəticəsi olaraq artıq piylərdən xilas olacaqsınız.

 

  • Dərmanlar

Müayinə prosesindən sonra həkimin təyin etdiyi dərman preparatlarından istifadə edərək dəstək almaq mümkündür. Həkim yoxlanışı və resepti olmadan əlavə vasitələrin qəbulu tövsiyə edilmədiyi kimi əks təsirlər də göstərə bilər.

 

  • Cərrahi müalicə

Bəzi hallarda irəli səviyyədə, uzunmüddətli piylənmə ilə yaşayan şəxslərin müalicəsi cərrahi yolla aparılır. Bura mədə kiçiltmə, qastrik bypass və s. kimi əməliyyatlar daxildir.

Piylənmə insan sağlamlığı üçün risk yaradan amillərdəndir. Bərabərində gətirdiyi bir sıra xəstəliklər buna misal ola bilər. Əsas olaraq düzgün qidalanma və aktiv həyat tərzi ilə piylənmə xəstəliyindən qoruna bilərsiniz.

Artıq çəkidən əziyyət çəkdiyiniz gündən doğru zamanda, doğru addım atmağınız bir sonrakı günlərinizi xilas edə bilər.

 

Piylənmə barədə bütün suallarınızı həkimlərimizə yönləndirərək dolğun məlumat ala bilərsiniz. Bu linkə daxil olaraq ətraflı suallarınızı bizə yönləndirin.