Menopauzanın əlamətləri

Menopauzanın əlamətləri

  • 556 views
  • 14 Fevral 2024

Menopauzanın əlamətləri

Menopauza nədir?

Menopauza, yəni klimaks menstrual tsiklin 12 ay ərzində tamamilə dayanması və reproduktiv qabiliyyətin itirilməsi deməkdir. Qadınların bir çoxu 45-55 yaşları arasında menopauzaya çatır. Klimaks təbii olaraq gözlənilən vaxtda və ya erkən ola bilir.

Menopauza hansı dövrlərə bölünür?

Təbii menopauza heç bir xarici təsir və ya tibbi müalicənin təsiri olmadan menstrual tsiklin dayanmasıdır. Proses tədricən, yəni yavaş-yavaş baş verir və üç mərhələdən ibarətdir:

  • Premenopauza – klimaksdan əvvəlki dövrü əhatə edir. Adətən 40 yaşından sonra başlayır. Bu dövr ərzində yumurta folikulunu yetişdirən yumurtalığın tədricən funksiyasını itirməsiylə bədəndəki estrogen səviyyəsi azalmağa başlayır və menopauzaya son 1-2 il qalmış bu proses daha da sürətlənir.
  • Menopauza – 12 ay ərzində menstrual tsiklin olmamasıdır. Bu dövr ərzində bədəndə bir sıra hormonal dəyişikliklər baş verir.
  • Postmenopauza ­­– menopauzadan sonraki vaxtı əhatə edir. Bu dövrdən sonra qadınlarda menstrual qanaxmanın baş verməsi patoloji hal sayılır. Aşağı estrogen səviyyəsinin nəticəsi olaraq, onkoloji xəstəliklərin yaranması üçün riskli bir dövrdür.

Menopauza dövrünün olmaması hansı problemlərə yol aça bilər?

40 yaşından öncə menstrual qanaxmanın dayanması erkən klimaksın əlamətlərindən biridir. Əksər hallarda buna orqanizmdə baş verən bir sıra pozğunluqlar, abortlar, autoimmun xəstəliklər və s. səbəb olur. Əvvəlcədən və doğru müdaxilə edilərsə, qarşısını almaq mümkündür.

Digər bir hal isə 55 yaşdan sonra menstrual tsiklin normal davam etməsi, yəni gecikmiş menopauzadır. Erkən klimaksda olduğu kimi qadınların vaxtından gec menopauza dövrünə keçid etməsi və ya ümumiyyətlə prosesin hələ başlamaması patoloji hal sayılır. Risk faktorları içərisində yumurtalıq və süd vəzilərində onkoloji xəstəliklərin yaranma ehtimalı daha yüksəkdir. Mənfi halların baş verməməsi üçün vaxtında və düzgün müayinə edilmək vacibdir.

Cərrahi menopauza yumurtalıqların cərrahi olaraq çıxarılması ilə yaranır. Dövrün simptomları anidən və sürətlə inkişaf etməyə başlayır. Vaxtında tibbi müdaxilə edilməlidir. Bəzi hallarda kimyaterapiya və ya radioterapiya da menopauzaya səbəb olur.

Menopauzanın simptomları hansılardır?

  • Bədəndə anidən istiliyin yayılması
  • Vaginal qurulur
  • Emosional dəyişikliklər (depressiya və ya əksinə əhvalın tez-tez dəyişməsi)
  • Döşdə həssaslığın artması
  • Sidikqaçırma
  • Dəridə quruluq
  • Yuxu pozğunluğu
  • Artan iştah
  • Üzdə qızarmalar
  • Cinsi istəyin azalması
  • Sümük, əzələ ağrıları
  • Saç tökülməsi
  • Diqqət dağınıqlığı
  • Ürək döyüntülərinin artması
  • Baş ağrısı və s.

 

Menopauzanın müalicəsi

Klimaks xəstəlik hesab edilmir. Adından da aydın olduğu kimi klimaks fizioloji bir dövr hesab olunur ki, hər bir qadının sağlam orqanizmə sahib olması üçün bu prosesdən keçməsi olduqca əhəmiyyətlidir. Bəzi narahatlıq yaradan halları aradan qaldırmaq və ya tədricən azaltmaq üçün bəzi dərman preparatlarından istifadə edilə bilər. Qanda xolestrin səviyyəsinin tənzimlənməsi də bura aid edilir. Digər hallarda isə vaxtında müayinədən keçmək və risk faktorları hesab edilən xəstəliklərdən qorunmaq kifayətdir. Erkən və ya gecikmiş menopauza patoloji hal hesab edildiyi kimi bərabərində bir sıra onkoloji xəstəlikləri gətirə bilər. Orqanizmdə təbii proseslərin qaydasında və zamanında baş verməsi üçün sağlamlıq üçün əks göstərişləri olan qidalardan, gündəlik zərərli fəaliyyətlərdən mümkün olduğu qədər uzaqlaşmaq məsləhət görülür. Sağlam həyat tərzi, düzgün qidalanma və daim hərəkətdə olmaq orqanizmi bütün keçid dövrləri üçün daha güclü və dözümlü olmağa hazırlayır.