Şəkərli diabet nədir? Şəkərli diabetin əlamətləri.

  • Home
  • Blog
  • Şəkərli diabet nədir? Şəkərli diabetin əlamətləri.

Şəkərli diabet nədir? Şəkərli diabetin əlamətləri.

  • 254 views
  • 20 Noyabr 2023

 

Şəkərli diabet nədir? Şəkərli diabetin əlamətləri.

 

 

  • Şəkərli diabet nədir?

Mədəaltı vəzi tərəfindən istehsal edilən insulinin qana ifrazı nəticəsində qanda qlükoza və ya şəkərin norması tənzimlənir. Müxtəlif səbəblərdən insulin ifrazının kifayət qədər olmaması və ya bədənin istehsal etdiyi insulindən effektiv şəkildə istifadə edə bilməməsi nəticəsində yaranan xroniki xəstəlik şəkərli diabet adlanır. Diabetin yaranma səbəblərini və inkişafını başa düşmək üçün bədənin qlükozadan necə istifadə etdiyini anlamaq vacibdir. İlk öncə bilmək lazımdır ki, qanda qlükoza səviyyəsinin həm artması, həm də azalması sağlamlıq üçün təhlükəli faktorlardan hesab olunur.

Beyin hüceyrələri üçün qlükoza yeganə enerji mənbəyidir, eyni zamanda digər toxumalar - əzələ və piy toxumaları da qlükozadan enerji mənbəyi olaraq istifadə edirlər. Toxumalar tərəfindən qlükozanın mənimsənilməsi üçün insulin hormonunun köməyi mütləqdir. Çatışmazlıq baş verdiyi təqdirdə bu hüceyrələr ikincili enerji mənbəyindən, yəni yağlardan istifadə edirlər.

  • Şəkərli diabetin əlamətləri hansılardır?

Şəkərli diabetin simptomları növündən asılı olaraq dəyişkənlik təşkil edir.

Ümumi simptomlara aiddir: 

Aclıq. Bədəndə insulin çatışmazlığı nəticəsində diabet xəstələri müntəzəm şəkildə qidalanmalarına baxmayaraq tez-tez acıyır və özlərini bitkin hiss edirlər.

Tez-tez sidik ifrazı. Sağlam orqanizmə sahib insanla müqayisədə diabet xəstələrinin sidiyə getmə sayı iki və ya daha artıq ola bilər.

Susuzluq. Düzgün su istehlakına baxmayaraq diabet xəstələrində bədən susuzluq hiss edə və ağızda quruluq yarana bilər. Aydın məsələdir ki, tez-tez sidik ifrazı dehidrasiyaya, yəni susuzluğa səbəb olur.

Yaraların uzun müddətə sağalması. Şəkərli diabet xəstələrində qan dövranının pozulması sinirlərin zədələnməsi ilə nəticələnir. Bu isə müxtəlif səbəblərdən bədəndə yaranmış yaraların normadan daha uzun müddətə sağalmasına gətirib çıxarır.

Digər əlamətlər: bulanıq görmə, yuxusuzluq, yorğunluq, ayaqlarda uyuşma, ağızda asetonabənzər qoxu, dəridə quruluq və s.

  • Şəkərli diabetin hansı növləri vardır?

Əvvəllər insulindən asılı və ya yetkinlik yaşına çatmayan diabet olaraq adlandırılan 1-ci tip diabetdə (mütləq insulin çatışmazlığı) əlamətlər sürətli şəkildə özünü biruzə verir. Daha çox uşaqlıq və yeniyetməlik illərində başlayır. Xaricdən insulin qəbulu diabetin bu növü üçün olduqca vacibdir. Xəstələrin bədən çəkisi əksərən normada və ya normadan aşağı olur. Çəkinin artıq olması isə nadir hallarda müşahidə edilir.

Qusma, qarın və ya sinə bölgəsində ağrılar, halsızlıq, nəfəs darlığı, isti və quru dəri, ürək döyüntülərinin sürətlənməsi və s. Diabetik komanın əlamətləri sırasındadır. Doğru zamanda həkim tərəfindən müdaxilə edilmədiyi və insulin qəbulu başladılmadığı təqdirdə xəstənin vəziyyəti olduqca pisləşə və bu hal ölümlə nəticələnə bilər. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, qanda şəkərin səviyyəsini kəskin şəkildə aşağı salmaq risk faktorlarını sovuşdurmaq kimi görünsə də, şəkərin normadan daha çox artımında yaranan narahatlıqların bir çoxunu özündə birləşdirir. Şəkərin kəskin şəkildə aşağı düşməsi orqanizmdə hüceyrələri bir növ qidasız, ac saxlayır və bu hal hardasa ölümlə bərabər tutula bilər.

Daha geniş yayılmış 2-ci tip diabetə isə əsasən 40 yaşdan yuxarı insanlarda rast gəlinir və hər yaşda inkişaf edə bilər. Piylənmə və qeyri-aktiv həyat tərzi xəstəliyin yaranmasına səbəb olan xarici faktorlardan hesab edilir. Düzgün müalicə almayan xəstələrdə zaman keçdikcə damar bərkiməsi, yaralar və ya qanqrenlər formalaşır.

2-ci tip diabetin 1-ci tip diabetə nisbətən daha güclü bir genetik komponenti var. Misal: anası və ya atası tip 2 diabeti olan insanların 7-14 faizində də tip 2 diabet inkişaf edəcəkdir. 2-ci tip diabet pasiyentləri məşqlə, pəhrizlə və ya lazım gələrsə, insulin inyeksiyaları vasitəsilə qanda qlükoza səviyyəsini idarə edə bilərlər.

  • Hamiləlikdə şəkər xəstəliyi necə aşkar edilir?

Daha öncə diabet diaqnozu almamış bir qadına hamiləlik dönəmində mövcud faktorların təsirinə əsasən diabet diaqnozu qoyula bilər. Gestasion diabet adlandırılan bu xəstəlik hamiləlik dönəmi bitdikdən sonra aradan qalxa bilir.

Hamiləlik diabetində nəzarətdə saxlanılması lazım olan 2 məqam mövcuddur:

  1. Ananın qan şəkərinin normada saxlanılması, tənzimlənməsi
  2. Həkim tərəfindən uşağın inkişafının izlənilməsi

Hamiləlikdən öncə diabet diaqnozu qoyulmuş qadınlar da sağlam övlad dünyaya gətirə bilərlər. Kontrol altına alınmamış və hamiləliyin təyin edildiyi gündən tənzimlənməyən şəkər mövcuddursa, buna progestasion diabet deyilir. Bu hal uşağa mənfi təsir göstərməklə, onda beyin və ürək qüsurlarına gətirib çıxara bilər.

  • Şəkərli diabet xəstələri necə qidalanmalıdır?

Dügzün qidalanma orqanizmin sağlam fəaliyyəti və inkişafı üçün vacib faktorlardan biridir. Şəkərli diabet xəstələri ilə yanaşı digər bütün insanların da həyat fəaliyyətlərini sağlam və gümrah şəkildə davam etdirə bilməsi üçün enerji, vitamin mənbələri olan qidalanma proseslərinə diqqətli yanaşmaları lazımdır.

Ət kateqoriyasına əsasən sıralama:

  1. Balıq
  2. Hinduşka
  3. Kənd toyuğu
  4. Quzu əti
  5. Mal əti

Rafinə olunmuş qida növləri əvəzinə:

  1. Ağ düyü əvəzinə qəhvəyi düyü
  2. Ağ çörək əvəzinə tam buğda çörəyi
  3. Qırmızı kartof
  4. Kəpəkli makaron və s.

Artıq çəkidən əziyyət çəkən 2-ci tip diabet xəstələri üçün onların digər sağlamlıq problemləri, yaşı, cinsi və fiziki aktivliyi nəzərə alınaraq fərdi pəhriz təyin olunur. Gündəlik kalori ehtiyacları hesablanaraq qida rasionunda müəyyən və ya bir çox hallarda köklü dəyişikliklər aparılır.

Şəkərli diabet barədə bütün suallarınızı həkimlərimizə yönləndirərək dolğun məlumat ala bilərsiniz. Bu linkə daxil olaraq ətraflı suallarınızı verə bilərsiniz.

Sizin üçün yüksək xidmətlər göstərən orqanizminizi qoruyun, sağlamlığınızı təhlükə qarşısında qoymayın!