Böyrəküstü vəzi xəstəlikləri

Böyrəküstü vəzi xəstəlikləri

  • 1538 baxış sayı
  • 05 Fevral 2024

Böyrəküstü vəzi xəstəlikləri

 

Böyrəküstü vəzi nədir?

Böyrəküstü vəzilər böyrəklərin üst hissəsində yerləşən kiçik endokrin vəzlərdir. Onlar bir sıra vacib bədən funksiyalarını yerinə yetirən hormonlar ifraz edirlər. Əsasən də maddələr mübadiləsi, qan təzyiqi və qan şəkərinin tənzimlənməsində mühüm rol oynayırlar. Böyrəküstü vəzilər iki hissədən ibarətdir: korteks (xarici) və medulla (daxili)

Bu o deməkdir ki, hər bir böyrəküstü vəzi xarici adrenal korteksdən ibarətdir. Hər bir vəzdə adrenalin və noradrenalin də daxil olmaqla bir neçə başqa hormon istehsal edən daxili adrenal medulla mövcuddur.

Böyrəküstü vəzilər hansı hormonları ifraz edirlər?

Vəzin xarici bölgəsi, yəni adrenal korteks aldosteron və kortizol daxil olmaqla müəyyən steroid hormonlarının ifrazına cavabdehdir. Vəzin daxili hissəsi olan adrenal medulla isə adrenalin, noradrenalin və s. kimi bir sıra hormonlar ifraz edir.

Kortizol hormonu – İltihabı yatırır, stress zamanı bədənin enerjisini artırmağa xidmət edir, maddələr mübadiləsi, şəkər səviyyəsi və qan təzyiqini tənzimləməyə kömək edir.

Aldosteron hormonu – Bədəndə mövcud olan kalium və natrium balansını, eyni zamanda elektrolit səviyyəsini idarə edərək qan təzyiqini və qanın pH səviyyəsini tənzimləyir.

Adrenalin və noradrenalin – Bədənin kənar təzyiqlərə qarşı müqavimətinin artması üçün enerjiyə ehtiyac olduğu zaman, stressli və emosional vəziyyətlərdə aktivləşirlər. Onlar qan damarlarının sıxılmasını, qan təzyiqini, əzələlərə və beyinə qan axınını idarə edirlər.

 

DHEA və androgenik steroidlər – Böyrəküstü vəzi tərəfindən istehsal olunan bu hormonlar zəif kişi hormonlarıdır. Onlar yumurtalıqda qadın hormonlarına, xayalarda isə kişi hormonlarına çevrilirlər.

Böyrəküstü vəzi pozğunluqları necə yaranır?

Böyrəküstü vəzin fəaliyyətində baş verən mənfi dəyişikliklər orqanizmdə sağlamlıq problemlərinə gətirib çıxarır. Bu dəyişikliklər iki halda özünü göstərir:

  1. Hormonların normadan çox ifraz olunması
  2. Hormonların normadan az və ya ümumiyyətlə ifraz olunmaması

Yaralanma, genetik mutasiya, infeksiya, otoimmun xəstəliklər, hipotalamus və hipofiz vəzində baş verən problemlər də bir sıra pozulmalara gətirib çıxarır.

Böyrəküstü vəzi xəstəliklərinə aiddir:

Adrenal çatışmazlıq nadir bir xəstəlikdir, addison xəstəliyi olaraq da adlandırılır. Kortizol və aldosteron hormonlarının normadan aşağı səviyyədə olması ilə xarakterizə olunur.

Simptomları: çəki itkisi, ürəkbulanma, qusma, iştahsızlıq, qarın ağrısı və s.

Bəzi hallarda simptomlar özünü daha kəskin şəkildə biruzə verə və yaxud da ağırlaşa bilər. Bu isə “adrenal kriz” adlanır.

Birincili adrenal çatışmazlığın səbəbləri arasında otoimmun xəstəliklər, infeksiyalar və genetik faktorlar yer alır.

Kuşinq sindromu kortizol hormonunun həddindən artıq ifraz edilməsi nəticəsində yaranır və əsasən qadınlarda müşahidə edilir. Hipofiz və böyrəküstü vəzin şişləri sindromun yaranmasında əsas səbəblərdən hesab olunur.

Simptomları: bədənin müəyyən nahiyələrində yağ yığılması, yorğunluq, əzələ zəifliyi, tüklənmə (hirsutizm), arterial təzyiqin qalxması (hipertenziya), yuxu pozğunluqları və s.

Hiperaldosteronizm hər iki böyrəküstü vəzidən aldosteron hormonunun həddindən artıq ifraz olunması nəticəsində yaranır. Xəstəliyin simptomları içərisində qan təzyiqinin yüksəlməsi müşahidə edilir.

Feokromositoma adrenalin homronu normadan artıq ifraz olunduqda meydana gəlir.

Simptomları: baş ağrısı, sürətli ürək döyüntüsü, tərləmə, yüksək qan təzyiqi və s.

Ginekomastiya kişilərdə süd vəzilərinin böyüməsi kimi təyin olunur. Estrogen və testosteron hormonlarının balanssızlığından qaynaqlanır. Sağlamlığa zərərli xəstəliklərdən sayılmasa da, şəxsdə narahatlıq və ya utanc hissi yarada bilər. Bəzi dərman preparatları da süd vəzilərinin böyüməsinə səbəb ola bilər. Belə olduğu halda mütləq həkim-endokrinoloqa müraciət etmək lazımdır.

Artıq bildiyimiz kimi böyrəküstü vəzində baş verən müəyyən dəyişikliklər, hormonların normadan az və ya çox ifraz olunması bir sıra xəstəliklərə səbəb olur. Haqqında danışdıqlarımızdan əlavə olaraq hirsutizm, adrenal adenomalar (xoşxassəli şişlər), adrenal kasinomalar (bədxassəli şişlər), kişi hipogonadizmi və s. kimi xəstəliklər də bu qəbildəndir.

 

Böyrəküstü vəzi xəstəliklərinin müalicəsi.

Böyrəküstü vəzi xəstəliklərinin müxtəlif növləri müxtəlif müalicə üsullarına malikdir. Bu üsullara dərman preparatları və cərrahi müdaxilə aiddir.

Bədəndə çatışmayan kortizol və ya aldestorunun bərpa edilməsi Addison xəstəliyini müalicə edə bilər. Kuşinq sindromunun müalicəsi isə yaranma səbəblərinə əsasən müxtəliflik təşkil edir.

Feokromositoma adətən şişlərin cərrahi yolla çıxarılması ilə müalicə edilir. Adrenal hiperplaziya xəstəliyi isə sadəcə idarə edilə bilər. Bədənin istehsal etmədiyi hormonlar həkim-endokrinoloqun təyin etdiyi müəyyən dərman preparatları vasitəsilə əvəz edilir.

Aydındır ki, böyrəküstü vəzilər cinsi hormonlar və kortizol daxil olmaqla bir çox həyati əhəmiyyət daşıyan hormonlar istehsal edir. Bu səbəbdən xəstəliklərin və narahatlıqların vaxtında müalicə edilməsinə xüsusi diqqət göstərmək lazımdır.